Close

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurası yaradılıb

Kateqoriya: YENİLİKLƏR
  • 11
    09/2020
  • 09:34
  • 384
  • 1
    1
11.09.2020 - 09:34
384
1

Kənd Təsərrüfatı Nazirliyində aqrar sahədə ixtisaslaşmış böyük şirkətlərin iştirakı ilə toplantı keçirilib. Toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə aqrar islahatların davam etdiyini, Prezident İlham Əliyevin nazirliyin qarşısında ciddi vəzifələr qoyduğunu deyib. Nazirlik bu vəzifələri reallaşdırmaq məqsədilə işini fermerlərə yaxın olmaq, şəffaflığı təmin etmək və innovativ texnologiyaların tətbiqi prinsipləri üzərində qurur. Bu məqsədlə rayonlarda fermerlərlə görüşlər keçirilir, Dövlət Aqrar İnkişaf Mərkəzləri yanında Fermerlər və Koordinasiya Şuralarının yaradılır, assosiasiyalarla mütəmadi müzakirələr aparılır. Nazir bildirib ki, aqrar sahənin inkişafında bu sektorun bütün iştirakçıları mühüm rol oynasa da, əsas ağırlıq böyük sahibkarlıq subyektlərinin üzərinə düşür. İnam Kərimovun sözlərinə görə, toplantının keçirilməsində məqsəd aqrar sahənin inkişafını əngəlləyən amilləri dəyərləndirmək, təkliflər irəli sürməkdir.

1535607757__elx9565

Toplantıda iştirak edən "Azərsun Holding", "Pasha Holding", "Gilan Holding", "CTC Holding",  "AS Group İnvestment", "Modern Group", "Agrarco", "AzProtein Foods Group", "Səba Qrup" şirkətlərinin rəhbər şəxsləri aqrar sahənin inkişaf istiqamətlərini  müzakirə edib, müştərək tədbirlər həyata keçirmək barədə fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı Kənd Təsərrüfatı Nazirliyi yanında aqrar sahədə ixtisaslaşmış iri sahibkarlıq subyektlərinin iştirakı ilə Aqrar Məşvərət Şurasının yaradılması təşəbbüsü irəli sürülüb. Nazir İnam Kərimov bu təşəbbüsü dəstəkləyib və bildirib ki, belə bir qurumun təsis olunması  sahibkarların üzləşdiyi problemləri dinləməyə, təklifləri sistem şəklinə salmağa, onların həllinə nail olmağa imkan verəcək.

"Azərsun Holding"in prezidenti Abdolbari Gozal bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının yaradılması kənd təsərrüfatının inkişafına böyük dəstəkdir. İnkişaf etmiş ölkələrdə bu cür qurumların fəaliyyət göstərdiyini xatırladan "Azərsun Holding"in prezidenti qeyd edib ki, Şurada təmsil olunan şirkətlər aqrar sahənin daha da inkişaf etdirilməsi yollarını birlikdə tapmalı, regionda rəqabətə davamlı məhsulların istehsalında birgə iştirak etməlidir.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri vəzifəsinə seçkilər keçirilib. İştirakçıların yekdil qərarı ilə "Azərsun Holding"in prezidenti Abdolbari Gozal Şuranın sədri, Kənd Təsərrüfatı Nazirliyinin fermerlər, koorepativlər və assosiasiyalarla iş şöbəsinin müdiri Araz İsmayılov isə Katibliyin rəhbəri seçilib.

Katiblik tərəfindən Aqrar Məşvərət Şurasının Əsasnaməsi yaxın bir ay ərzində hazırlanacaq. Razılaşmaya əsasən, yeni yaradılan qurumun iclasları ayda bir dəfə keçiriləcək. Kənd təsərrüfatı sahəsində ixtisaslaşmış digər böyük şirkətlərin Aqrar Məşvərət Şurasına üzv olmasında məhdudiyyət yoxdur.

İnam Kərimov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən aqrar islahatlar prosesində dövlət qurumları ilə yanaşı, fermer və sahibkarlar da aktiv iştirak etməlidir. Bu islahatlar ölkədə aqrar sektorun daha da inkişafını və ölkənin ixrac potensialının artırılmasını hədəfləyir.

Mənbə: www.agro.gov.az