Ölkəmiz Özbəkistanda Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub
Özbəkistanın Namanqan şəhərində "Doing business in Namangan" mövzusunda Beynəlxalq İnvestisiya Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda dünyanın 36 ölkəsindən 500-dən çox qonaq iştirak edib.
Tədbirdə ölkəmizi "CTC Holding" şirkətinin baş direktoru Məhəmməd Nağıyev və "MEB İNVESTMENT" MMC-nin baş direktoru Məmməd Əhmədov təmsil ediblər.
Forumda Özbəkistan Baş Nazirinin müavini Aziz Abduxakimov, Xarici İşlər nazirinin birinci müavini İlxom Nematov, İnvestisiya və xarici ticarət nazirinin birinci müavini Alişir Abdualiev, Namanqan vilayətinin hakimi Xayrullo Bazarov, Ticarət-sənaye palatasının sədri Adxam İkramov çıxış edərək regiona sərmayə cəlb olunması imkanlarından danışıblar.
Bildirilib ki, vilayət rəhbərliyi sənaye, kənd təsərrüfatı, innovasiya, bərpa olunan enerji, turizm, səhiyyə və digər sahələrdə qarşılıqlı faydalı əsaslarla iş görmək üçün açıqdır.
Forum iştirakçıları "İstiqlol dizayn", "ART Soft Tekc", "Merrimed Farm", "Çortoq", "İdeal" və digər şirkətlərin fəaliyyəti ilə tanış olub.
Tədbirin yekunu ilə bağlı Namanqan vilayətinin rəhbərliyi ilə investorlar arasında 320 milyon dollar dəyərində 39 saziş imzalanıb.
Mənbə: www.azertag.az